İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Avqustun 1-də İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilmişdir.
Kollegiyanın gündəliyinə ölkənin əmtəə bazarlarında rəqabətin vəziyyətinin araşdırılmasının nəticələri və rəqabətin qorunması mexanizminin təkmilləşdirilməsi, 2003-cü il üçün Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlığı vəziyyəti, müştərək müəssisələrin özəlləşdirilməsi işinin sürətləndirilməsi məqsədi ilə normativ-hüquqi bazanın yaradılması və qiymətləndirmə, habelə bir sıra cari məsələlər daxil idi.
Kollegiya iclasını giriş sözü ilə İqtisadi İnkişaf naziri F.Əliyev açaraq, gündəliyə çıxarılan məsələlərə münasibətini bildirmiş, ötən iclasdan keçən dövrdə görülən işlər barədə fikrini açıqlamışdır.
Sonra nazirliyin müvafiq qurumlarının rəhbərləri gündəliyə çıxarılmış məsələlərlə bağlı məruzə ilə çıxış etmişlər. Məruzələrdə ölkənin əmtəə bazarlarında inhisarçılığın aradan qaldırılması, azad rəqabətin gücləndirilməsi istiqamətində görülən işlərdən geniş bəhs olunmuş, həyata keçirilən tədbirlərin sahibkarlığın inkişafına müsbət təsiri vurğulanmışdır. Qeyd edilmişdir ki, bu cür tədbirlər satışa çıxarılan qida məhsullarının keyfiyyətinə müsbət təsir göstərsə də, alıcıların tələblərinə tam uyğun olmayan bir sıra məhsulların ticarət obyektlərində özünə yer tapması hallarına da rast gəlinir. Çıxışlarda antiinhisar qanunvericiliyinə bəzi dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də səslənmişdir.
Sonra 2003-cü il üçün sosial-iqtisadi proqnozların müxtəlif ehtimalları - dünya bazarlarında neftin qiymətlərinin konyukturası, iri investisiya layihələrinin reallaşma qrafikləri, iri dövlət müəssisələrinin özəlləşdirilməsi və sair məsələlər barədə müzakirələr aparılmışdır. Proqnozlarda iqtisadiyyatın bütün sektorları tam əks olunmaqla, sosial sahəyə geniş yer verilmiş, məşğulluq, səhiyyə, demoqrafik göstəricilər, təhsil, elm, mədəniyyət, insan inkişafı dinamikası geniş əhatə olunmuşdur. 2003-cü il üçün proqnozlarda göstəricilərin reallığını təmin etmək məqsədi ilə ötən illərin əsas makroiqtisadi göstəriciləri, investisiyalar, özəl bölmənin inkişaf göstəriciləri, istehsal olunmuş məhsul və xidmətlərin natural göstəriciləri və sair təhlil olunmuşdur.
İclasda 2003-cü il üçün sosial-iqtisadi siyasətin məqsədinin Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən olunmuş orta və uzunmüddətli prioritetlərə əsaslanaraq, əhalinin həyat səviyyəsinin yüksəldilməsindən, yoxsulluğun azaldılmasından, yüksək surətli iqtisadi artımın təmin olunmasından ibarət olduğu xüsusilə vurğulanmışdır.
Kollegiya iclasında həmçinin, ölkəmizin başçısının “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli Fərmanda dəyişikliklər edilməsi haqqında” 18 aprel 2002-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə, müştərək müəssisələrdə dövlət payının özəlləşdirilməsi ilə əlaqədar bu cür müəssisələrdə inventarlaşdırma işlərinin aparılması üçün müvafiq komissiyaların yaradıldığı, bu sahədə işlərin sürətlə aparıldığı qeyd edilmiş, qiymətləndirmə işlərinə hazırlıq görüldüyü bildirilmiş, bu sahəyə müstəqil maliyyə məsləhətçilərinin və qiymətləndiricilərin cəlb olunacağı qeyd edilmişdir.
Kollegiya iclasında bir sıra cari məsələlər də müzakirə edilmiş, gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.
Nazir F.Əliyev iclası yekunlaşdıraraq, qarşıya qoyulmuş vəzifələrin icrasının təmin olunması üçün konkret tapşırıqlar vermişdir.