ELM VƏ TƏHSİL
AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq
Bakı, 27 aprel, AZƏRTAC
Bakıda Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının (AzPMA) təşkilatçılığı ilə “Project Experience Day 2024” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İPMA-nın (International Project Management Association) Azərbaycandakı rəsmi nümayəndəsi, Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının (AzPMA) təsisçisi və prezidenti İqbal Babayev təşkilatın tarixi barədə məlumat verib.
O, bildirib ki, AzPMA Layihələrin İdarə Edilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IPMA - International Project Management Association) Azərbaycanda rəsmi nümayəndəliyidir. Qeyri-hökumət təşkilatı olan AzPMA layihələrin idarə edilməsi və şirkətlərin inkişafı üçün müasir texnologiyalar sahəsində intellektual xidmətlər bazarında fəal mövqe tutur.
İqbal Babayev qeyd edib ki, AzPMA 1999-cu ildə Bakıda yaradılıb və 25 illik tarixi ərzində özünün bir sıra uğurlu layihələrini həyata keçirib.
“Fəaliyyətə başladığı gündən fəallığı ilə seçilə AzPMA tərəfindən bu günədək ümumilikdə 150 yerli və beynəlxalq təlim keçirilib, 2000-dən çox layihə meneceri təlim keçib. Ölkə üzrə 80-dən çox uğurlu şirkət və təşkilatlar AzPMA sıralarına cəlb olunub. 180-dən çox mütəxəssis IPMA Layihə İdarəetmə Meneceri beynəlxalq statusunu alıb. Onların adları beynəlxalq reyestrdə, həmçinin sertifikatlaşdırılmış menecerlərin milli reyestrində yer alıb”, - deyə İqbal Babayev əlavə edib.
İqbal Babayev vurğulayıb ki, bu il Nazirlər Kabinetinin qərarından sonra Azərbaycan universitetlərində layihə menecmenti ixtisası üzrə magistratura təhsil pilləsinə də yerlər ayrılıb. İlkin mərhələdə, 100 yer nəzərdə tutulub: “Əvvəllər arzumuz idi ki, hər bir şirkətdə heç olmasa bir layihə meneceri olsun. Hazırda ölkəmizdə hər bir təşkilatda layihə meneceri departamenti var. Bu, çox sevindirici haldır. Həmçinin universitetlərdə bu istiqamətdə təhsil kafedrası və layihə menecmenti ixtisası təsis olunub. Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə bu istiqamətdə əməkdaşlığımız davam edir. Gələcəkdə digər universitetlərdə də bu ixtisasın təsis olunması üçün danışıqlar aparırıq. Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyası Azərbaycanda layihə menecerlərinin sayının artımında maraqlıdır”, - deyə assosiasiya rəhbəri vurğulayıb.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Layihələrin idarəolunması şöbəsində sektor müdiri Türkan Vüsət tədbirin əhəmiyyətindən bəhs edib, Azərbaycanda layihə menecmenti sahəsində çalışan, marağı olan mütəxəssislər və peşəkarların belə bir platformada birgə toplanmasını müsbət qiymətləndirib.
Türkan Vüsət vurğulayıb ki, belə tədbirlər azərbaycanlı mütəxəssislərə innovasiyalar yaratmaq və şəxsi layihələrini işləyib hazırlamaqda kömək göstərmək məqsədi daşıyır. Eyni zamanda, iştirakçılar layihələrin idarə edilməsi üzrə müasir beynəlxalq biliklərin əsaslarına yiyələnmək şansı əldə edirlər: “Dünyada sürətli inkişaf ilə əlaqədar layihələrin idarə edilməsi sahəsi yeni çağırışlar və problemlər ilə üzləşir. İnkişaf edən iqtisadi qeyri-müəyyənlik, geosiyası böhranlar, rəqəmsal texnologiya və bu kimi istiqamətlər layihə idarəetməsi mühitini dəyişməyə vadar edir. Bu gün biz, layihələrin idarə edilməsi üzrə Azərbaycanın ən iri şirkətlərinin peşəkarları məhz bu tədbirdə toplaşaraq təcrübələri bölüşür, layihə menecmenti sahəsində olan yeni yanaşma tətbiqlərini öyrədir və öyrənirik. Bu, gələcəkdə optimal strategiya qurmağımız üçün işimizə töhfə verəcək deyə düşünürəm”, - deyə T.Abbasova deyib.
Sonra “Layihələrin idarə edilməsində müasir yanaşmalar” mövzusunda birinci panel keçirilib. Panel sessiyada layihələrin idarə edilməsi üzrə intensiv yeni yanaşmalar, effektiv alətlər və təcrübə, eləcə də, kompetensiyaların inkişafı, netvörk şəbəkəsinin artırılması imkanlarından bəhs olunub.
Tədbirin əsas tərəfdaşı "Proes" şirkətinin təsisçisi və rəhbəri Samir Bəşirov açılış mərasimində çıxış edərək, iştirakçılara minnətdarlığını bildirib, layihələrin idarə edilməsi ilə bağlı fikirlərini bölüşərək bu sahədə kadrların hazırlanmasının vacibliyini xüsusi vurğulayıb. O bildirib ki, peşəkar komanda ilə çalışan "Proes" şirkəti üstün nəticələr əldə etmək üçün layihələrin idarə olunmasında ən son texnologiyalardan və müasir standartlarlardan istifadə edir.
“Layihələrin idarə edilməsi üzrə beynəlxalq standartlar” mövzusunda ikinci paneldə layihələrin idarə edilməsi üzrə müasir yanaşmalar, yeni trendlər barədə iştirakçılara məlumat verilib.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.